Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan “Həmrəy ürəklər” xeyriyyə yarmarkası Hədəf liseyi Nəsimi filialında keçirildi.
Tədbir çərçivəsində şagirdlər öz hazırladıqları məhsulların satışını özləri təşkil etdilər və qonaqların həm keçirilən hərrac zamanı, həm də stendlərə olan marağı və aktivliyi şagirdlərimizi çox sevindirdi.
Həmçinin şən rəqslər, maraqlı səhnəciklər, mahnı və fləşmoblar tədbirə rəng qatdı. Ümumilikdə 24 sinif fərqli ölkələri təmsil etdi, həmin ölkələrin mətbəxinə aid ləziz təamları teqdim etdilər. Bununla da simvolik olaraq dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə həmrəy olduğumuzu bir daha vurğuladıq.
Liseyimizin qurucu direktoru f.ü.f.d Şəmil Sadiqin də qeyd etdiyi kimi: “Dünyanın harasında yaşamasından asılı olmayaraq, qəlbində Azərbaycan sevgisi olan bütün soydaşlarımızla həmrəyik, qəlblərimiz birdir, ölkəmizin inkişafı, gənclərimizin daha özgüvənli, bilikli və xoşbəxt olması üçün daim çalışırıq və bundan sonra da çalışacağıq.”
Qeyd edək ki, yarmarkada əldə edilən maliyyə “Yaşat Fondu”, qocalar və körpələr evinə təqdim edilmişdir.
Yarmarkanın yardım ediləcək ailələrə də yeni il ərəfəsində sevinc gətirəcəyinə əminik! Bir uşağın sevinci, gülüşü, dünyanın sevinci və gülüşü deməkdir!














