? Uşaqlarımızın milli dəyərlərə sahib fərdlər kimi formalaşmalarını qarşısına məqsəd qoymuş Hədəf liseyi, uşaqların böyük işlər görməyə qadir olduqlarını onlara kiçik yaşlarından təlqin etməyi hədəfləyir. Biz uşaqlarımıza güvən verməli, onlarda özlərinə inam hissini daha da artırmalıyıq. Bu məqsədlə Liseyin şəxsiyyətyönümlü tədrisində “Hədəf Liseyinin Bilgəsi” adlı layihə mövcuddur.
Bu layihəyə əsasən şagirdlər arasında aparılan seçimlər nəticəsində hər sinifdən bir nəfər şagird həmin sinfin bilgəsi təyin edilir. Sinif bilgələri mütəmadi olaraq görüşlər keçirir, lisey barəsində müzakirələr edir, müşahidələrini bir-biri ilə bölüşürlər. Onlar arasından bir nəfər isə bilgələrin seçimi ilə “Hədəfin bilgəsi” adını alır. Bu adı qazanmış bilgə müəyyən imtiyazlara sahib olur, bir günlük liseyin direktorunu əvəz edir, lisey heyəti ilə şagirdlərlərin görüşünü təşkil edir. Bilgə üçün ayrılmış pul vəsaitinin necə xərclənməsi barədə qərarı verir.
Mart ayında aparılmış seçimlər əsasında Liseyin 9-cu sinif şagirdi Alməmmədli İsa İlham oğlu “Liseyin bilgəsi” adını qazanaraq, aprel ayının 12-də bir günlük liseyin direktor vəzifəsini icra etdi. İdarə heyəti, qrup rəhbərləri, psixoloq, mətbəx çalışanları, müəllim və şagirdlərlə görüşən İsa Alməmmədli sonda müşahidələrini, təklif və iradlarını bildirdi. Bir şagirdin gözündən liseyi görmək, daha detallı, daha yaxından müşahidə etmək baxımından olduqca yararlı olan bu layihədə əsas məqsədlərdən biri də ayrılan pul məbləğinin şagirdlərin düzgün və faydalı xərclənməsini kiçik yaşlardan təlqin etməkdir.
Liseyin Bilgəsi şagirdlərdə mütaliə marağının daha da artırılması məqsədilə fəal oxucuları mükafatlandırdı; Eyni zamanda “Təbiəti qoruyaq” şüarı ilə ağacəkmə aksiyası həyata keçirdi.
Günün yekununda liseyin rəhbər heyəti, şagird və müəllimlər qarşısında təqdimatla çıxış edərək bütün bilgələr və liseyin şagirdləri adından təklif və iradlarını da bildirdi. Liseyin direktoru Şəmil Sadiq şagirdlərin istək və arzularını müvafiq qaydada həll edəcəyini bidirərək, açıqfikirli və ədalətli yanaşmalara görə liseyin bilgələrinə təşəkkür etdi.
? hedefliseyi.edu.az
? *2018
? Tbilisi pr. 72










