HƏDƏF STEM LİSEYİ İLƏ TÜRKİYƏNİN İstanbul Bilgi Koleji ARASINDA ƏMƏKDAŞLIQ HAQQINDA ANLAŞMA MEMORANDUMU İMZALANIB.
31 oktyabr 2019-cu il tarixində Türkiyənin Bilişim Təhsil Mərkəzinin baş direktoru Ahmet Çevik, Azərbaycanlıların və digər türkdilli xalqların Əməkdaşlıq Mərkəzinin (AXTƏM) icraçı direktoru İlqar İlkin, İstanbuldakı Türkiyə Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu Hədəf liseyində olublar. Liseylə, liseyin sinif otaqlarıyla, Dədə Qorqud otağı ilə tanış olan qonaqlar Azərbaycanda STEM təhsili verən yeganə təhsil ocağı ilə tanışlıqdan məmnun olduqlarını bildiriblər.
Daha sonra, Hədəf liseyi MMC-nin təsisçisi və baş direktoru Şəmil Sadıqov və Türkiyənin Bilişim Təhsil Mərkəzinin baş direktoru Ahmet Çevik arasında qardaşlıq və dostluğa dayanan əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Sənəddə müvafiq sahələrdə tədris və elmi materialların mübadiləsi, birgə elmi forum və konfransların təşkili, hər iki tərəfin korporativ tədbirlərində şagird (tələbə) və əməkdaşların iştirakı nəzərdə tutulur. Həmçinin birgə elmi-tədqiqat layihələrinin işlənib hazırlanması, o cümlədən “ömürboyu təhsil” konsepsiyası çərçivəsində biliklərin yayılması istiqamətində tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
İmzalanma mərasimində Şəmil Sadıqov bildirib ki, Azərbaycan-Türkiyə əlaqələri dostluq və qardaşlıq münasibətləri üzərində qurulub. Qarşılıqlı maraq doğuran məsələlərə toxunan baş direktor vurğulayıb ki, imzalanan sənəd təhsil müəssisəsi arasındakı əməkdaşlığın inkişafına təkan verəcək.
Azərbaycan ilə Türkiyənin qardaş ölkə olduğunu deyən Ahmet Çevik Azərbaycana səfərindən, Hədəf liseyi ilə tanışlıqdan məmnunluğunu bildirib. Diqqətə çatdırılıb ki, sənəddə hər iki tərəf üçün vacib, qarşılıqlı maraq doğuran ixtisaslar üzrə, eləcə də qısamüddətli texnologiyayönümlü kurslarda mütəxəssis hazırlığı sahəsində əməkdaşlıq nəzərdə tutulur.
Sonda Ş.Sadıqov qonaqlara Hədəf liseyi adından hədiyyələr təqdim edib, birlikdə xatirə şəkli çəkilib.




