Hədəf STEM Liseyi yeni layihəyə imza atıb. Bu dəfəki layihənin hədəf qrupları şagirdlər deyil, məhz valideynlər olub. Valideynlərin lisey, müəllim və digər valideynlərlə münasibətlərinin səmərəli təşkili, faydalı ünsiyyət mühitinin yaradılması məqsədi ilə “Valideyndən valideynə” adlı tədbir keçirilib. Bu tədbirdə analar liseyin sosial həyatında fəal iştirak edərək, seminar və sosial fəaliyyətlərdən, dərnəklərdən istifadə ediblər.
Tədbir Hədəf STEM Liseyində təhsil alan Hüseyn Hacıyevin anası Aysel Hacıyevanın “Valideyn və məktəb birliyi” mövzusunda hazırladığı seminarla açıq elan edilib.
Daha sonra liseyin direktoru Şəmil Sadiq “Ailəmə məktub” layihəsi barəsində iştirakçılara məlumat verib. O, bu layihənin vacibliyini vurğulayıb: “Şagirdlərin valideynlərlə ünsiyyətini qurmaq, onların ürəklərindəki sözləri çatdırmaqları üçün “Ailəmə məktub” layihəsi təşkil etdik. Bu məktubları sizə anonim olaraq təqdim edəcəyik. Ancaq bu ümumi mənzərəni görməkdə, uşaqlarınızı anlamaqda sizə kömək edəcək”.
Daha sonra valideynlərə uşaqların məktublarından bəziləri səsləndirilib. Bununla yanaşı valideynlər də uşaqlar çatdırılması üçün ürək sözlərini xüsusi dizaynlı vərəqlərə yazıb.
Nahar fasiləsindən sonra valideynlər istəklərinə uyğun olaraq “Conversation Club” , tennis və valeybol yarışı, rəqs dərnəyi, vokal və xor dərnəyi, yaradıcılıq dərnəyi və kitab tövsiyyəsi kimi fəaliyyətlərdə iştirak ediblər.













